Vəhdət - günümüzün əsas ehtiyacı
Hər cür irqi, milli, məzhəbi mənsubiyyətə malik müsəlmanlar arasındakı vəhdət ideyasının ilkin mənbəyi Qurandır desək, səhv etmərik.
Yaşı İslamın özü ilə əkiz olan Qurani-Kərim dönə-dönə müsəlmanları birliyə, qardaşlığa və anlaşmaya də’vət edir. Ali-İmran surəsinin 103-cü ayəsində Allah-Təala buyurur: Hamınız Allahın ipindən möhkəm yapışın və ayrılmayın!”.
Qur’ani-Kərimin Hucurat surəsinin 10-cu ayəsində bu fikir daha da qüvvətləndirilmişdir: “Həqiqətən möminlər qardaşdırlar. Elə isə iki qardaşınızı bir-biri ilə mehriban edin və Allahdan qorxun; bəlkə rəhm olunasınız”.
Ali-İmran surəsinin 105-ci ayəsində isə müsəlmanlar arasında qərəzli şəkildə ixtilaf və düşmənçilik yaradan şəxslər ilahi əzabla qorxudulurlar: “Açıq-aşkar dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar!”.
İslam Peyğəmbərinin davranışında vəhdət meyilləri
Peyğəmbərimiz Məkkədən Mədinəyə köçdükdən sonra ilk müsəlman icmasını yaradarkən həyata keçirdiyi tədbirlər sırasında ilk yeri müsəlmanlar arasında qardaşlıq əhdi bağlamaq tutmuşdu. Mədinənin yerli əhalisi (ənsar) ilə Məkkədən köçənlər (mühacirlər) arasında mehribanlıq yaratmaq məqsədilə o, hər tərəfdən bir nəfər seçərək onları qardaş elan etdi. Məsələn, Peyğəmbərin əmri ilə Əbu Bəkr - Xaricə ibn Zuheyrlə, Ömər ibn Xəttab - Ətəban ibn Maliklə, Osman ibn Əffan - Əvs ibn Sabitlə qardaş oldular. Həzrəti Rəsulullah isə özü ilə Əli ibn Əbu Talib arasında qardaşlıq əhdi bağladı (Sireyi-ibn Hişam, I cild, səh. 337-338).
Həzrəti Muhəmməd (s) bütün fəaliyyət müddəti boyunca yalnız Allahı inkar edən şəxslərlə (kafirlər və müşriklərlə) müharibələr aparmış, kəlmeyi-şəhadəti söyləyən hər bir şəxsi müsəlman icmasının bərabərhüquqlu üzvü kimi qəbul etmişdir. Peyğəmbərimiz dəfələrlə buyurmuşdur ki, o, insanlarla Allahın varlığını və onun peyğəmbərliyini qəbul edincəyə kimi döyüşməklə vəzifələndirilib. İslam əsgərlərinə qəti əmr olunmuşdu ki, döyüş əsnasında ölüm qorxusundan olsa belə, kəlmeyi-şəhadəti söyləyən və təslim olan hər bir düşmənə aman versinlər.
Peyğəmbərimizdən rəvayət olunan bir hədisdə buyurulur: “Kim “La ilahə illəllah” deyib Allahdan başqa tanrıları rədd etsə, Allah onun malını və qanını başqalarına haram edər. Bu adamın hesabı da yalnız Allaha aiddir” (Səhihi-Muslim, İman, 37).
Sunəni-İbn Macədə rəvayət edilən bir hədisə əsasən, Peyğəmbərimiz buyurmuşdur: “Hər kim “Allahdan başqa tanrı yoxdur; o, təkdir və şəriksizdir. Muhəmməd (s) Allahın bəndəsi və elçisidir” - desə, heç kimin ona toxunmağa haqqı yoxdur. Yalnız həddi pozarsa (günah edərsə), haqqında cəza tətbiq olunmalıdır” (Sunəni-İbn Macə, 2539).
Həmin kitabdakı başqa bir hədisə görə Həzrəti Muhəmməd peyğəmbər (s) buyurmuşdur: “Müsəlmanı söymək fisqdir, öldürmək isə küfrdür” (Sunəni-İbn Macə, 3940).
Əhli-beytin davranışında vəhdət meyilləri
İslam Peyğəmbərinin vəfatından sonra İmam Əli (ə) özünü xilafətin yeganə əsl sahibi bildiyi halda, müsəlmanlar arasında təfriqə düşməməsi xatirinə açıq mübarizədən çəkindi. Bir neçə ay fasilədən sonra o özü də xəlifəyə beyət etdi və tərəfdarlarını da beyət etməyə çağırdı. Bu hərəkət İmam Əli (ə) üçün nə qədər ağır olsa da, o, müsəlmanların ümumi mənafeyi xatirinə bu yolu qəbul etdi. «Nəhcu'l-bəlağə»dəki məşhur “Şiqşiqiyyə” xütbəsində İmam Əli (ə) öz vəziyyətini belə təsvir edirdi: “Fikirləşəndən sonra bu nəticəyə gəldim ki, səbir etmək ağla daha uyğundur. Ona görə də gözünə tikan batmış, boğazında sümük qalmış adam kimi səbr etdim...” Xilafəti dövründə söylədiyi xütbələrin birində İmam Əli (ə) həmin günləri belə xatırlayırdı: “Mən gördüm ki, səbir etmək müsəlmanlar arasında təfriqə salıb qan tökməkdən daha yaxşıdır. Çünki camaat İslam dinini yenicə qəbul etmişdi. Din, qaynayıb üzünə köpük çıxmış südə bənzəyirdi. Azacıq diqqətsizlik və tərpəniş nəticəsində korlana bilərdi” (İbn Əbi'l-Hədid - “Nəhcu'l-bəlağə”nin şərhi, VIII cild).
Həzrəti Əli (ə) misirlilərə ünvanladığı məktubda belə yazırdı: “Gördüm ki, bə’ziləri dindən dönüb, peyğəmbərin dinini məhv etmək üçün çalışırlar. Belə bir şəraitdə qorxdum ki, əgər Allahın dininə yardım etməsəm, İslam küfrə məğlub olar, ya da tamam məhv olar. Bunu görmək mənim üçün sizin üzərinizdə hakimliyi itirməkdən daha ağırdır...”
Peyğəmbərin vəfatının ardınca xəlifə seçkisindən sonra Əlinin (ə) tərəfdarlarından biri şeir qoşub uca səslə oxumağa başladı. O öz şeirində xilafətin Əliyə (ə) deyil, başqa şəxsə ötürülməsini tənqid edirdi. İmam Əli (ə) məsələdən xəbərdan olan kimi həmin adama xəbər göndərdi ki, daha şeirinin ardını oxumasın. Bu zaman o, aşağıdakı belə söyləmişdi: “Dinin salamatlığını qalan hər şeydən çox istəyirəm” (İbn Əbi'l-Hədid - “Nəhcu'l-bəlağə”nin şərhi, 6-cı cild).
İmam Əli (ə) beş illik zahiri xilafət dövründə də firqələrə parçalanan, siyasi qruplaşmalara qoşulub bir-birinə qarşı silah çəkən müsəlmanları birləşdirməyə çalışırdı. O, xütbələrinin birində deyirdi: “Camaat, fitnə dalğalarını nicat gəmisi ilə yarıb parçalayın! İxtilaf və nifrət törətməkdən əl çəkin! Fəxr və lovğalıq tacını kənara qoyun!”
Yalnız Əli (ə) deyil, digər imamlar da həmişə İslam dininin mənafeyi naminə vəhdət ideyasını müdafiə etmiş, öz davranışları ilə buna nümunə olmuşlar. İmam Cəfər Sadiq (ə) kəlmeyi-şəhadəti söyləməyin müsəlmanlıq üçün kafi şərt olduğunu təsdiq edərək buyururdu: “İslam- “La ilahə illəllah”a şəhadət vermək və Rəsulullahı təsdiq etməkdir. Bununla qanlar qorunur, nikah və irs məsələləri həyata keçirilir” (Kafi, Kuleyni, İman və küfr, 15-ci bab, hədis 1).