Məhdi (ə.c) buyurub: mən övsiyalarin xatəmiyəm. Və Allah təala mənim vasitəm ilə bəlaları mənim xanıdanımdan və şiələrimdən uzaqlaşdırır. (Kəmaləddin , cild 2.)

RAMAZAN: ALLAHIN QONAQLIĞI

Bismillahir-Rəhmanir-Rəhim
Mübarək Ramazan ayı Allaha bəndəçilik və ibadət ayı, Quranın baharıdır. Elə bir aydır ki, Əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi və səlləm)-in buyurduğuna əsasən, biz bu ayda Allah qonaqlığına dəvət olunmuşuq.
Hər bir ağıllı insan bu ayın misilsiz fürsətlərini qənimət saymalı, çətin və uzun axirət səfəri üçün özünə yol ehtiyatı götürməlidir. Məsumların bu ayda tövsiyə etdikləri əməllərin çoxu böyük savaba malik olmaqla yanaşı, heç bir çətinliyi yoxdur və çox vaxt aparmır.
Məsələn, bu ayda Qurani- kərimdən tilavət olunan hər ayənin savabı bütövlükdə bir Quran oxumaq qədər savaba malikdir və ya obaşdanlıq və iftar zamanı "Qədr" surəsini tilavət etməyin çoxlu fəziləti vardır.
Kasıblara, yoxsullara, eləcə də iftar süfrəsində bir şeyi olmayanlara kömək etmək diqqət mərkəzində olmalıdır. Günahlardan tövbə edib Allah dərgahına qayıtmaq, xüsusilə sübh namazından qabaq Onunla raz-niyaz etmək, rəvayətlərdə çox təkid olunan məsələdir və bu kimi işlərdə fürsəti qənimət saymaq lazımdır.
Bu əziz ayda ən yüksək və fəzilətli əməl, Həzrət Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)- in buyurduğuna əsasən, Allahın haram buyurduqları işlərdən çəkinmək, özünü saxlamaqdır. Bu ayda heç bir günaha yaxın düşməmək üçün ciddiyyətlə səy etmək bu ayın ən yaxşı əməlindən ibarətdir.
Olmaya insan özünün orucunu, Quran tilavətini, dua və müstəhəb namazlarını bir yalan danışmaqla, töhmət vurmaqla, qeybət etməklə, naməhrəmə baxmaqla, haram səslərə qulaq asmaqla, sələmli müamilə etməklə və vacib əməlləri tərk etməklə zay etsin!
Bu ayda insan özünün və sair möminlərin hacətlərinin rəva olmasından, eləcə də bütün hacətlərin başında İmam Zaman (əccələllahu təala fərəcəhuş-şərif)-in zühurunun tezləşməsi üçün dua etməkdən qafil olmamalıdır.