HƏZRƏTİ XƏDİCEYİ KUBRANIN VƏFATI
بسم الله الرحمن الرحيم
Bismillahir-Rəhmanir-Rəhim
Nəql olunanlara əsasən, mübarək Ramazan ayının 10-u böyük İslam xanımı, Həzrət Rəsuli- Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)- in vəfalı həyat yoldaşı və Möminlər anası Həzrət Xədiceyi-Kübra (əleyha salam)- ın vəfat günüdür.
Onun yüksək mənəvi məqamı barəsində bunu demək kifayətdir ki, bütün behişt xanımları arasında özünün yüksək məqamlı qızı Siddiqeyi Kübra Fatimeyi Zəhra (əleyha salam)-dan sonra o, Həzrət Məryəm, Asiyə ən üstün şəxsiyyət və ən yüksək məqamdadırlar.
Həzrət Xədicə (əleyha salam) qadınlar içərisində İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-ə iman gətirən ilk şəxs idi və özünün bütün mal-dövlət və sərvətini İslamın inkişaf edib yayılması yolunda sərf etdi. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)- in ona qarşı məhəbbəti elə yüksək bir səviyyədə idi ki, onunla Həzrət Əbu Talibin vəfat etdiyi ili "Hüzn və qəm-qüssə ili" adlandırmışdı.
Nəql olunmuşdur ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) vaxtaşırı bir heyvanı qurban kəsər və onun ətini həzrət Xədicəni istəyən, ona məhəbbət bəsləyənlərin arasında bölüşdürərdi.
O böyük şəxsiyyətli, alicənab xanım şərafətli ömrünün son anlarında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləmi)-dən xahiş etmişdi ki, öz əbasını ona kəfən etsin.
Həzrət Xədicə vəfat edən zaman Fatimeyi Zəhra (əleyha salam) Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in başına dolanır və deyirdi: "Ya Rəsuləllah! Mənim anam haradadır?"
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) cavab verib buyururdu: "Cəbrail nazil olub dedi ki, Allah- taala sənə belə əmr edir: Fatiməyə salam çatdır və ona de ki, sənin anan elə bir evdədir ki onun tavanı qızıldan, sütunları qırmızı yaqutdandır, özü də Asiyə ilə Məryəmin yanındadır."
Bu alicənab xanımın Məkkə şəhərində, "Əbu Talib" qəbiristanlığında yerləşən pak qəbri Allah və Onun Rəsulunun aşiqlərinin ziyarətgahıdır.