Məhdi (ə.c) buyurub: mən övsiyalarin xatəmiyəm. Və Allah təala mənim vasitəm ilə bəlaları mənim xanıdanımdan və şiələrimdən uzaqlaşdırır. (Kəmaləddin , cild 2.)

İMAM HƏSƏN (Ə)IN TƏVƏLLÜDÜ

Məşhur nəzərə görə Ramazan ayının 15-i Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in böyük nəvəsi və cənnət cavanlarının sərvəri, ağası həzrət İmam Həsən Müctəba (əleyhis-salam)-ın səadətli təvəllüd günüdür.
O həzrət dünyaya gələndən sonra Əmirəl-möminin Əli (əleyhis-salam) onu Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in yanına gətirdi, o həzrət mübarək dilini əziz nəvəsinin ağzına qoydu, o da Həzrət Peyğəmbərin dilini sormağa başladı. Sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) soruşdu: "Bu körpəyə ad qoymuşsunuzmu?!"
Əmirəl-möminin Əli (əleyhis-salam) ərz etdi: "Buna ad qoymaqda mən sizdən qabağa keçə bilmərəm!"
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) də buyurdu ki mən də (bu işdə) öz Pərvərdigarımdan qabağa keçə bilmərəm."
Bundan sonra Allah-taala Cəbrəili nazil etdi və buyurdu: "Muhəmməd üçün bir oğlan uşağı dünyaya gəlmişdir, Mənim salamımı ona çatdır, ona gözaydınlığı ver, təbrik elə və de ki, Əlinin səninlə olan münasibəti (eynilə) Harunun Musa ilə olan münasibəti kimidir, belə isə ona (körpəyə) Harunun oğlunun adını qoy." Harunun oğlunun ərəb dilində adı "Həsən" idi.
Həm şiə, həm də sünnü alimlərinin etiraf etdiyi kimi, İmam Həsən o beş nəfərdən (Pənc təni Ali Əbadan) biridir ki, şərif "Təthir" ayəsi onların şənində nazil olmuşdur. O beş nəfər bunlardır: Həzrət Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm), Əli, Fatimə, Həsən və Hüseyn (əleyhimus-salam)."
Allah-taala hər növ çirkinliyi, aludəliyi onun ruhundan paklamış, qəlbinə elə bir paklıq bəxş etmişdir ki, Onun Kitabının sirlərinin xəzinədarı ola bilsin.
Həmçinin, şiə və sünnü alimləri rəvayət etmişlər ki, Allah-taala İmam Həsən və onun qardaşı İmam Hüseyn (əleyhiməs-salam)-ın vasitəsi ilə Behişti zinətləndirmişdir.
İmam Həsən (əleyhis-salam) dəstəmaz alarkən bütün bədəni lərzəyə gəlir, rəngi qaçırdı. Səbəbini soruşduqda buyururdu: "Ərşin Pərvərdigarının hüzurunda dayanan hər kəsə layiqdir ki, (Allahın əzəmətinin qorxusundan) rəngi saralsın, bədən əzaları lərzəyə gəlsin."
İmam Sadiq (əleyhis-salam) öz atasından, o da İmam Zeynul-abidin (əleyhis-salam)-dan nəql edir ki, Həsən ibni Əli (əleyhis-salam) öz zəmanəsinin insanları içərisində ən çox ibadət edən, ən çox zöhd və fəzilət sahibi idi. Həccə piyada, bəzən də ayaqyalın gedirdi, hər vaxt ölümü xatırlayırdısa, ağlayırdı. Qəbiri xatırlayan zaman hönkürtü ilə ağlayırdı, Qiyamətdə insanların dirildilməsini yad edən zaman ağlayırdı, Allahın hüzurunda olacağını yada salanda qəşş edirdi. Namaz qılmaq istəyəndə bədəninin bəndləri lərzəyə düşürdü. Behişti və cəhənnəmi yad edən zaman ilan vurmuş adamlar ki narahat olur, iztirab hissi keçirir, Allahdan Behişt arzulayır, Cəhənnəmdən Allaha sığınırdı. Quranda gələn "ey iman gətirənlər" deyə buyurulan hər bir ayəni oxuyurdusa, belə deyirdi: "Ləbbeyk, Allahummə ləbbeyk!" (Yəni, bəli, ey mənim Rəbbim, eşidirəm və itaət edirəm!). Bütün hallarda və şəraitlərdə Mütəal Allahı xatırlayıb zikr deyirdi. O, camaat arasında ən doğru danışan idi, sözləri ən şirin, ürəyəyatımlı idi.
İmam Həsən (əleyhis-salam)-ın helmi (tələsməməsi, səbirli olması) dost-düşmən üçün gün kimi aydın bir məsələ idi. O cümlədən belə nəql olunur:
Müaviyə, Mərvanı Mədinəyə amil (işçi) təyin etdi. O, hər cümə günü minbərə çıxaraq Əmirəl-möminin Əli (əleyhis-salam)-a nalayiq sözlər deyirdi. Amma İmam Həsən (əleyhis-salam) dünyadan gedən zaman Mərvan o həzrətin cənazəsinin qoyulduğu tabutu çiyninə alıb ağlayırdı. İmam Hüseyn (əleyhis-salam) "qardaşımın sağlığında ona necə narahatçılıqlar, müsibətləri rəva gördün!" - deyə onun yaramaz əməllərini xatırlatdı, o isə belə cavab verdi: "Belə rəftarları elə bir adama rəva görürdüm ki, onun helmi (dözümü) dağdan da ağır idi."
Bir kəs ki, hətta düşməni belə, onun səbir, helm sahibi olmasına etiraf edir və onu tərifləyir, ədavət buludları onun kamal günəşinin qarşısını ala bilmir, hətta düşmən də ona ağlayır, gərək ruzigarın gözü ona qan ağlasın!
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunur ki, "Hər kəs mənim "Həsən"imə ağlasa, gözlərin kor olduğu bir gündə (Qiyamətdə) onun gözləri kor olmaz. Hər kəs onu (xatırlayıb) qəmgin olsa, onun qəlbi, qəlblərin qəm-qüssəli olduğu bir gündə (Qiyamətdə) qəmli olmaz. Hər kəs onu "Bəqi"də ziyarət etsə, ayaqların sürüşdüyü bir gündə onun ayağı Sirat körpüsünün üzərində sürüşməz."
Yaxşı olar ki, "Bəqi" qəbiristanlığında dəfn olunan imamların (əleyhimus-salam) pak qəbirlərinin ziyarətinə gedən bir kimsə xüzu-xüşu ilə, ayaqyalın halda o pak və müqəddəs məzarın yanına getsin, İmam Həsən Müctəba (əleyhis-salam)-ın qəbrini digər üç imamın qəbrinin yanında ziyarət etsin (Allahın salam və salavatı onlara olsun!)
İmam Həsən Müctəba (əleyhis-salam)-ın nurani kəlamlarından beş hədis:
مٰا تَشٰاوَرَ قَوْمٌ إِلاّٰ هُدُوا إِلٰي رُشْدِهِمْ .
"(Öz aralarında) məşvərət edən elə bir dəstə yoxdur ki, öz təkamüllərinə çatmamış olsunlar."
اَلْخَيْرُ الَّذِي لٰا شَرَّ فِيهِ: اَلشُّكْرُ مَعَ النِّعْمَةِ وَ الصَّبْرُ عَلَي النَّازِلَةِ .
"Heç bir şəri olmayan xeyir: nemət olanda şükür eləmək, bəla, müsibət nazil olanda səbir etmək."
وَسُئِلَ عَنِ الْمُرُوَّةِ؟ فَقٰالَ: شُحُّ الرَّجُلِ عَلٰي دِينِهِ ، وَ اِصْلاٰحُهُ مٰالَهُ، وَقِيٰامُهُ بِالْحُقُوقِ
İmam Həsən (əleyhis-salam)-dan "mürüvvət nədir?" - deyə soruşdular, cavabında buyurdu: "İnsanın öz dininə həris olması (onun yolunda canından keçməsi), mal-dövlətini islah etməsi, hüquqları bərqərar etməsi."
اَلْفُرْصَةُ سَرِيعَةُ الْفَوْتِ ، بَطِيئَةُ الْعَوْدِ .
"Fürsət çox sürətlə əldən çıxır, çox zəif şəkildə ələ gəlir."
عَلَيْكُمْ بِالْفِكْرِ فَإِنَّهُ حَيٰاةُ قَلْبِ الْبَصِيرِ وَ مَفٰاتِيحُ أَبْوٰابِ الْحِكْمَةِ .
"(Mütləq) təfəkkür edin! Çünki təfəkkür etmək bəsirətli şəxsin qəlbinin həyatı (canlanması) və hikmət qapılarının açarlarıdır."